“Euronews” telekanalında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilmiş süjet yayımlanıb
11.5.2017

“Euronews” telekanalında Bakının ev sahibliyi etdiyi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan süjet yayımlanıb. Süjetdə Forumun əhəmiyyəti vurğulanıb.

Azərbaycan dövlətinin və BMT-nin təşkil etdiyi Forumda dünyanın 120 ölkəsindən siyasi, mədəni və elmi elitanın yüzlərlə nümayəndəsi iştirak edib. Qonaqlar arasında 50 beynəlxalq təşkilatın mütəxəssisi də olub. Bu haqda nüfuzlu “Euronews” telekanalının yayımladığı süjetdə deyilir.

Materialda Forumda çıxış edənlər arasında BMT baş katibinin hüququn aliliyi və təhlükəsizlik institutları üzrə müavini Aleksandr Zuev, Misirin UNESCO yanında daimi nümayəndəsi Mohamed Sameh Amrun olduğu vurğulanır. Həmçinin bildirilir ki, belə tədbirlərin keçirilməsi və mətbuatda qlobal problemlərin işıqlandırılması onların həllinə öz töhfəsini verəcək.

Diqqətə çatdırılıb ki, dünyanın narahat edən problemlərin gənclərlə müzakirəsi, onları bu məsələlərə cəlb etmək çox vacibdir. Gənclərə tolerantlıq, multikultural dəyərlərin aşılanmasının əhəmiyyəti vurğulanır.

Süjetdə Forumda müasir dünyamız üçün aktuallıq kəsb edən vacib məsələlərin müzakirə edildiyi bildirilir.

azertag.az