Kubanın nüfuzlu və Latın Amerikasında ən qədim jurnal olan “Bohemia” jurnalında böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Xalqın xilaskarı” adlı geniş müəllif məqaləsi dərc edilib.
Azərbaycanın Kubadakı səfirliyindən verilən məlumata görə, Ulu öndərin həyatı və tarixi fəaliyyətindən bəhs edən məqalədə bildirilib ki, müasir Azərbaycanın bütün sahələrdə, siyasi, iqtisadi və mədəni həyatında nail olduğu inkişaf Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Məqalədə Heydər Əliyevin həyatından söz açılaraq qeyd edilir ki, Azərbaycanın Naxçıvan şəhərində əməkçi ailəsində dünyaya gəlmiş, böyük əxlaqi və mənəvi dəyərlərə malik olan Heydər Əliyev bir gün xalqına rəhbərlik etməsə idi, Azərbaycan dövlətinin bugünkü talehini təsəvvür etmək belə çətin olardı.
Müəllif xalqımızın dahi oğlunun peşəkar həyatı, Dövlət Təhsükəsizlik Komitəsində, habelə Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı dövrlərdə tarixi fəaliyyəti haqda ətraflı məlumat verir.
Daha sonra qeyd edilir ki, 1980-ci illərdə Mixail Qarbaçov tərəfindən həyata keçirilən yenidənqurma kimi adlandırılan siyasət dövləti uçuruma aparmağa başlayıb. Bildirilir ki, Mixayıl Qorboçovun avantürası Azərbaycan üçün çox ağrılı bir siyası dövrün başlanğıcı olub. Oxucunun diqqətinə çatdırılır ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvi olan Heydər Əliyev, Qorbaçovun bu mənfəətgüdən və destruktiv siyasətinə etiraz əlaməti olaraq, 1987-ci ildə istefa verib.
Məqalədə müəllif 1990-cı ilin 20 yanvar tarixində sovet qoşunlarının silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının dinc nümayişçilərinə qarşı faciəvi hadisələrin törədildiyini xatırladır. Vurğulanır ki, görkəmli dövlət xadimi olan Heydər Əliyev o dövrdə də bütün bu baş verənlərlə bağlı öz nüfuzlu etiraz səsini qəti şəkildə ucaldıb.
1990-cı illərin əvvəllərində Azərbaycanın dərin siyasi və iqtisadi böhran içində olması barədə məlumat verən müəllif, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycanın Prezidenti seçilməsindən bəhs edir. Bildirilir ki, məhz Heydər Əliyevin rəhbərliyə gəlməsi sayəsində ölkəni dərin xaosdan xilas edərək Azərbaycan ordusunun möhkəmləndirilməsi, iqtisadiyyatın bərpa olunması, bütün sahələrdə islahatların həyata keçirilməsi, ölkənin enerji sektorunun inkişaf etdirilməsi mümkün olub. Məqalədə 1994-cü ildə dünyanın ən böyük neft şirkətləri ilə Azərbaycan arasında imzalanmış Əsrin Müqaviləsi haqda məlumat verilir, ulu öndər Heydər Əliyevin enerji strategiyasının, öz növbəsində ölkədə iqtisadi islahatlara və siyasi stabilliyə nail olunmasında əhəmiyyəti qeyd edilir.
Məqalədə müəllif, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin tarixi haqqında məlumat verir, 2016-cı ilin aprel ayında dörd gün ərzində münaqişənin yenidən gərginləşdiyini qeyd edir.
Eyni zamanda bir daha xatırladılır ki, ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan, siyasi iradə nümayiş etdirərək, münaqişənin tezliklə beynəlxalq hüquq çərçivəsində həll edilməsini istəyir və bunun regional və qlobal baxımdan mühüm olduğu qeyd edilir. Vurğulanır ki, bu siyasət də öz növbəsində, Azərbaycanın tarixi şəxsiyyəti, xalqın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi yoldan xəbər verir.
Məqalədə Böyük Vətən Müharibəsində əldə edilmiş Qələbə gününün Azərbaycan xalqı tərəfindən ehtiramla yad edildiyi bildirilir. Qeyd edilir ki, İkinci Dünya Müharibəsində qələbənin əldə edilməsi yolunda 600 mindən çox azərbaycanlı öz canından keçib, habelə SSRİ-nin bütün hərbi texnologiyaları və ərzaq sənayesinin çalışması üçün zəruri olan neftin 80 faizi məhz Azərbaycan tərəfindən təmin edilib. Vurğulanır ki, bu tarixi irsin yaşadılması yolunda misilsiz xidmətlər göstərmiş bir insan var - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev.
trend.az