İspaniyanın Madrid şəhərində Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) 105-ci sessiyası öz işinə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sessiya nazir Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir.
Tədbirdə BMÜTT-nin baş katibi Taleb Rifai, sözügedən təşkilatın icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, Dünya Səyahət və Turizm Şurasının prezidenti Devid Skousill və aidiyyəti beynəlxalq təşkilatların rəhbərləri, BMÜTT-ə üzv dövlətlərin 20-ə yaxın turizm və aidiyyəti sahələr üzrə nazirləri, eləcə də İcraiyyə Şurasının üzv ölkələrinin nümayəndələri, BMÜTT-nin assosiativ üzvləri və müşahidəçilər də daxil olmaqla 340-a yaxın qonaq iştirak edir.
Sözügedən sessiyada ölkəmizi Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri təmsil edir.
İcraiyyə Şurasının 105-ci sessiyasının açılış mərasimində şuranın sədri nazir Əbülfəs Qarayev və BMÜTT-nin baş katibi Taleb Rifai çıxış edərək bildirib ki, iki gün davam edəcək sessiyada BMÜTT-nin Proqram və Büdcə Komitəsinin hesabatının dinlənilməsi, İcraiyyə Şurasına yeni üzvlərin qəbul edilməsi, eləcə 2018-2021-ci illər üçün BMÜTT-nin baş katibliyinə namizədliyin qiymətləndirilməsi kimi mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, 2013-cü ildə BMÜTT-nin Baş Assambleyasının 20-ci Sessiyası zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunmasından sonra Azərbaycan tərəfi artıq Şuranın iclaslarında və məsələlərin müzakirəsində səsvermə hüququ ilə iştirak edir. 2016-cı ildə isə Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının Misirin Luksor şəhərində keçirilmiş 104-cü sessiyası zamanı yekdilliklə Şuranın sədri seçilib.
trend.az