Bu yaxınlarda səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən respublikanın bütün xəstəxanalarına – özəl və dövlət müəssisələrinə məktub göndərildi ki, bütün onkoloji xəstələr birinci olaraq, onkoloji müəssisələrdə müayinə və müalicə olunmalıdırlar.
Bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin (MOM) baş həkimi Azad Kərimli deyib.
Onun sözlərinə görə, bu məktubun bütün tibb müəssisələrinə təqdim edilməsinə baxmayaraq, onkoloji xəstələr yenə də hansısa müəssisələrdə müayinə və müalicə edilirlər:
“Milli Onkologiya Mərkəzinə yenə də müraciətlər edilir ki, xəstə hansısa özəl klinikada cərrahiyyə əməliyyatı edilib. Bu gün şüa terapiya şöbələri heç bir yerdə - nə özəl, nə də dövlət müəssisələrində yoxdur. Bu, ancaq MOM-dadır. Buna görə də şüa müalicəsi üçün “qaçılan” yerlər yoxdur. Amma cərrahiyyə əməliyyatını yarı düzgün, yarı qeyri-düzgün edirlər”.
A.Kərimli bildirib ki, onkoloji xəstəni əməliyyat etməkdən ötrü mütləq onkoloji qaydalara riayət etmək lazımdır:
"Bu əməliyyatı edən müəssisənin mütləq bunu reallaşdıra bilən bazası olmalıdır. Amma baxaq görək, onlar həmin qaydalara düzgün əməl edirlər? Əsla yox. İkinci tərəfdən, özəl klinikalarda əməliyyatın tam böyük bir kollektiv tərəfindən aparılması üçün şərait varmı? Xeyr, yoxdur. Bu gün əməliyyat etdiyimiz şəxsdən çıxardığımız şişi təcili olaraq, kistoloji müayinəyə göndəririk və bizə təcili analizlərin nəticələri təqdim edilir. Çünki xəstədə şiş hüceyrəsi tapıldıqda əməliyyatı ya bu şişin tam çıxarılması ilə bitirməliyik, ya da o şiş hüceyrəsini tapmaqdan ötrü o əməliyyatı daha da genişləndirməli və o şiş hüceyrəsi tapıldıqda əməliyyatı yekunlaşdırmalıyıq. Özəl klinikalarda bu, mümkündürmü? Xeyr, mümkün deyil”.
A.Kərimli deyib ki, buna görə də özəl klinikalar xəstəyə onkoloji diaqnoz qoyan kimi onu əməliyyat edilməsi və kimya terapiya prosedurundan keçməsi üçün MOM-a göndərməlidirlər:
“Hamının azad seçim etmək imkanı var. Biz heç kəsin qarşısını kəsə bilmərik ki, sən filan müəssisəyə müraciət etmə. Burada əsas vicdanlı iş özəl klinikada çalışan həkimin üzərinə düşür”.
trend.az