Sofiyada Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş konfrans keçirilir
15.5.2017

Sofiyada "Bolqarıstan - Azərbaycan: 25 illik diplomatik münasibətlər. İkitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq perspektivləri" mövzusunda konfrans keçirilir.
Bolqarıstanın "Fokus" agentliyinə istinadən bildirilir ki, konfransda çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova son illərdə Azərbaycanla Bolqarıstan arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və hazırda məqsədin qarşılıqlı maraq doğuran sahələrin inkişaf etdirilməsi olduğunu vurğulayıb.
Bolqarıstanın energetika naziri Temenujka Petkova ölkəsinin həmişə Azərbaycanın suverenliyini dəstəklədiyini bildirib. O deyib ki, Bolqarıstan təchizatın təhlükəsizliyi ilə əlaqədar olaraq energetika sahəsini əməkdaşlıq üçün prioritet sahə hesab edir: "Azərbaycan strateji tərəfdaşımızdır".
Xanım nazirin sözlərinə görə, Bolqarıstan Cənub Qaz Dəhlizini həmişə dəstəkləyib və hazırda layihədə fəal iştirak edir. O, həmçinin Yunanıstan-Bolqarıstan interkonnektorunun həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. Nazir bildirib ki, Azərbaycandan olan tərəfdaşlarımızın iştiakı olmadan bu layihələri həyata keçirmək mümkün olmazdı. Nazir Bolqarıstan hökumətinin Azərbaycan ilə bütün istiqamətlərdə münasibətlərin inkişafı üçün işlərini davam etdirəcəyini vurğulayıb.



report.az