Abel Məhərrəmov İSESCO mükafatına layiq görülüb
16.10.2012

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) “Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”nın Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova verilməsi haqqında qərar qəbul edib.

BDU-dan verilən məlumata görə, mükafat A.Məhərrəmova Kimya (nanomateriallar və nanotexnologiyalar) sahəsindəki böyük uğurlarına görə verilib:

“Mükafata sertifikat, qızıl medal və pul daxildir. Mükafat noyabrın 20-21-də Sudanın Xartun şəhərində keçiriləcək “Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı”nın çərçivəsində təqdim ediləcək”.

Qeyd edək ki, “Elm və Texnologiya sahəsində mükafat” İSESCO tərəfindən təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə 2008-ci ildə təsis edilib.

Həmin mükafat iki ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

İslam Təhsil Elm və Mədəniyyət Təşkilatı (İSESCO) 1979-ci ildə “İslam Konfransı” Təşkilatı tərəfindən təsis edilib.

Təşkilatın baş qərargahı Rabat (Mərakeş) şəhərində yerləşir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva bu təşkilatın xoşməramlı səfiridir.


Gün.Az