Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJŞ) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihəsinin icrasına başlayıb. “Etik norma və ictimai davranış qaydalarının təbliğinə dəstək” adlanan layihə çərçivəsində ölkədə hazırda aktual olan müxtəlif mövzular üzrə yüksək keyfiyyətdə 4 videoçarx hazırlanacaq.
AJŞ İB-nin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi multimedia imkanlarından geniş istifadə edərək jurnalistikanın peşəkarlığının artırılması, eləcə də cəmiyyətimiz üçün ictimai aktuallıq kəsb edən bir sıra məsələlərin qabardılması və bu yöndə ictimai davranış qaydalarının təbliğinə dəstək olmaq üçün videoçarxlar hazırlamaqdır. Videoçarxlar sosial media və internet mediasında asan paylaşıla bilən formatda hazırlanaraq ölkənin ən çox oxucu kütləsi olan internet media qurumlarının saytlarında və həmin saytların Facebook səhifələrində paylaşılacaq.
Layihənin 3 ay ərzində icra olunması nəzərdə tutulur. Layihənin yekununda “Etik norma və ictimai davranış qaydalarının təbliği” mövzusunda 4 peşəkar video hazırlanacaq. Bundan başqa, layihə çərçivəsində hazırlanmış videoların nümayişi üçün Bakı şəhərində təqdimat mərasiminin keçirilməsi də planlaşdırılır.
trend.az