Azərbaycan alimləri Daşkənddə keçirilən beynəlxalq konfransda iştirak edirlər
16.5.2017

Daşkənddə “Özbəkistanın mədəni irsi-xalqlar və millətlər arasında dialoqa aparan yol” adlı konfrans keçirilir.

Konfransda dünyanın 36 ölkəsindən gələn 350-dən artıq tarixçi alimlər, etnoqraflar, şərqşünaslar və ekspertlər iştirak edirlər.

Tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun müavini Şahin Mustafayev və Milli İncəsənət Muzeyi direktorunun elmi işlər üzrə müavini Xədicə Əsədova da qatılıblar.

Konfransın təşkilat komitəsinin sədri Akmal Saidov iştirakçıları salamlayaraq Özbəkistanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdən danışıb.

Tədbir çərçivəsində “Özbəkistanın mədəni irsi dünya muzeylərində” media-layihəsinin təqdimatı da keçirilib. Layihənin rəhbəri və müəllifi Özbəkistanın Əməkdar Jurnalisti Firdavs Abduxalikov, elmi rəhbəri isə akademik Edvard Rtveladzedir.

Xədicə Əsədova konfransda “Milli İncəsənət Muzeyinin kolleksiyasında ənənəvi özbək mədəniyyəti aləmi” mövzusunda məruzə edib. Bildirilib ki, muzeydə özbək xalqının yaratdığı milli parçalar, tikmələr, metal məmulatları, təsviri sənət nümunələri, həmçinin cəmi 50 ədəd çap edilmiş Quranın bir nüsxəsi qorunur.

Bu konfransın böyük əhəmiyyəti var. Belə ki, özbək xalqının dünyada qorunan maddi-mənəvi irsinə sahib çıxması və həmin eksponatlarla bağlı kitabların çap olunması təqdirəlayiqdir.

Mayın 16-da konfrans öz işini Səmərqənddə davam etdirəcək.

azertag.az