Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları"nın satılan aviabiletlərin sayına görə ağac əkilməsini nəzərdə tutan genişmiqyaslı aksiyanın birinci mərhələsi həyata keçirilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, ümumilikdə, mayın 3-dən 10-dək AZAL-ın kassalarında və rəsmi agentliklərində, həmçinin aviaşirkətin saytı vasitəsilə təxminən 25 min bilet satılıb.
Pilotlar, təyyarə bələdçiləri, Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları və digərləri də daxil olmaqla "Azərbaycan Hava Yolları" QSC-nin bütün bölmələrinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda ağacəkmə aksiyasına qoşulub.
Qeyd olunub ki, "Azərbaycan Hava Yolları" tərəfindən bu kimi aksiyalar respublikanın bütün hava limanlarında həyata keçirilir və əsas məqsəd diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəltməkdir.
Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən meşə ehtiyatlarının artırılması və ətraf mühitə qayğıkeş münasibət göstərilməsinə yönəldilmiş bu cür təşəbbüslər davam etdiriləcək.
azertag.az