Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında magistraturaya aparılacaq qəbul prosesi ilə bağlı sənəd verənlərin çoxsaylı suallarının olduğunu nəzərə alaraq, “Qaynar xətt” xidməti təşkil ediləcək.
Bu sözləri AMEA Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin təşkilatçılığı ilə Akademiyanın doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələlər müzakirəsi zamanı deyib.
O,2017/2018-ci tədris ili üçün AMEA-nın institutlarında magistraturaya aparılacaq qəbul prosesi ilə bağlı Müsahibə Komissiyalarını diqqətli olmağa çağırıb.
O, son illərdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparıldığını bildirib. Qeyd edib ki, aparılan islahatlar çərçivəsində yaradılan Təhsil şöbələrinin rəhbərləri AMEA-nın, eləcə də Azərbaycan Respublikasının təhsillə bağlı müvafiq qanunvericilik aktlarını mükəmməl bilməli və mübahisəli məsələlərdə bu sənədlərə istinad etməlidirlər.
Tədbirdə Təhsil şöbələrinin rəhbərlərinə təmsil etdikləri qurumun saytında qəbulu aparılacaq magistratura ixtisasları ilə bağlı məlumatların yerləşdirilməsi barədə də tapşırıq verilib.
Sonra Elm və Təhsil İdarəsinin Doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov doktorant və dissertantların minimum imtahanlarının təşkili ilə bağlı çıxış edərək, imtahanların 22 may tarixindən etibarən keçiriləcəyini bildirib.
Daha sonra Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov çıxış edərək magistrantların Tədris planı ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.
Publika.az