Jurnalistlərə mənzillərin verilməsi qaydaları və şərtləri açıqlandı
16.5.2017

Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb.

Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən KİV (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) Komissiya tərəfindən müəyyən edilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilər.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

Azərbaycanda jurnalistikanın inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun olaraq Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.

Adları Mətbuar Şurasının "qara siyahı"sına daxil edilmiş, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.

Müvafiq sənədlər 2017-ci il mayın 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir.

Komissiya toplanmış sənədləri iyunun 30-dək Azərbaycan Prezidenti Administrasiyasına təqdim edəcək.

trend