Mayın 16-da Azərbaycan Xalça Muzeyində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi əsasında könüllülərə ustad dərsləri keçirilib.
Tədbirdə muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, İCOM-Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, muzeyin şöbə müdiri Aygün Abbasova, ADMİU-nun kafedra müdiri, dosent Yeganə Eyvazova, Azərbaycan Tarix Muzeyinin "Xarici əlaqələr və Elmi-Kütləvi iş" şöbəsinin elmi işçisi Sahibə Ələkbərova və başqaları çıxış edərək Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilib, təbliğ olunması və bütün dünyaya çatdırılmasında könüllülərin xüsusi rolunu olduğunu deyiblər.
Bildirilib ki, məqsəd muzeyşünas tələbələrin muzey işində təcrübə bacarıq və qabiliyyətlərə yiyələnməsi üçün muzey könüllüləri hərəkatını formalaşdırmaq, inkişaf etdirmək və gənclərin muzeylərə marağının artırılmasından ibarətdir.
Vurğulanıb ki, muzey işinə bu cür həvəs göstərən gənc nəslin yetişməsi bir muzey işçisi kimi çox sevindirici haldır. Bu müddət ərzində muzeydə olan tələbələr zəngin təcrübə toplayır, tədbirlərdə iştirak edib, gələn ziyarətçilərlə təmasda olmaq və onlara xidmət göstərilməsi sahəsində fəallıq göstərirlər. Bu onların qabiliyyət və bacarıqlarından istifadə etməsinə şərait yaradır. Burada qazandıqları təcrübə, onlara nəinki muzeydə, hətta digər sahələrdə çalışsalar da, bir kadr kimi formalaşmalarında əhəmiyyətli rol oynayacaq.
azertag.az