Vaşinqtonda “Əli və Nino”nun premyerası keçirilib
17.5.2017

Mayın 16-da Azərbaycanın və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtonda Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrs Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filminin paytaxt premyerası keçirilib.

ABŞ administrasiyasının və Konqresinin rəsmilərinin, Vaşinqtonda akkreditə olunmuş səfirlərin və yüksək rütbəli diplomatların, beyin mərkəzlərinin təmsilçilərinin, ictimai xadimlərin iştirak etdikləri tədbir ziyafətlə başlanıb. Daha sonra səfir Elin Süleymanov və David Bakradze nitq söyləyiblər.

Səfir David Bakradze Gürcüstan ilə Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə toxunub, hər iki ölkəni bir-birinə yaxın edən əlaqələrdən danışıb. Filmin mahiyyətinə toxunan D.Bakradze bu əsərdə hər iki xalqın birgə tarixinin əks olunduğunu qeyd edib.

Səfir Elin Süleymanov Azərbaycan ilə Gürcüstan arasından dostluq və qardaşlıq əlaqələrinə toxunub. O, nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışıb. E.Süleymanov, həmçinin bu filmin çəkilməsinə böyük səylər göstərmiş yaradıcı heyətə təşəkkürünü bildirib və icraçı prodüser Leyla Əliyevanın böyük zəhmətini xüsusi vurğulayıb.

Qeyd edək ki, hər iki ölkənin mədəniyyəti və tarixi barədə dolğun təsəvvürlər yaradan bu film iştirakçılar tərəfindən olduqca müsbət qarşılanıb.

azertag.az