Müəllimlərin işə qəbulunda YENİLİKLƏR
17.5.2017

Təhsil Nazirliyi bu il müəllimlərin işə qəbul və yerdəyişməsi ilə bağlı şərtləri açıqlayıb.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
Qaydalara əsasən, işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 1 (bir) il qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. 2016-2017-ci tədris ili üçün keçirilmiş işə qəbulu müsabiqəsində namizədlərin topladıqları bal 2017-2018-ci tədris ili üçün keçiriləcək müsabiqədə də qüvvədə saxlanılır. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür.
Bundan başqa, sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmır. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir:
-dərs yükü müəssisədə çalışan müəllimlər arasında bölüşdürülür;
-digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir.
Mərkəzləşdirilmiş müsabiqədə iştirak edərək keçid balı toplamış namizədlə yerli təhsili idarətemə orqanı və ərazi maliyyə hesablaşma mərkəzi ilə razılaşdırılmaqla əmək müqaviləsi bağlanılır. Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə yol verilir.



Publika.az