Mayın 12-dən etibarən Azərbaycan kinoteatrlarında yayımlanan “Brat Li” bədii filminin bu gün imza günü keçiriləcək.
Layihənin mətbuat katibi Fuad Mədətov Trend-ə verdiyi açıqlamasında bildirib ki, imza günü bu gün - 17 may tarixində saat 18:00-da “CinemaPlus - 28 Mall”da təşkil olunacaq.
Tədbirdə filmin baş qəhrəmanları məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə yanaşı, aktyorlar İlkin Misgərli, Rüfət Nəzər, o cümlədən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə də iştirak edəcəklər.
“As Media” və “NR production”un istehsalçısı olan və bütün hüquqları adıçəkilən şirkətlər tərəfindən qorunan ekran işi “CinemaPlus - Ganclik Mall”, “CinemaPlus - 28 Mall”, “CinemaPlus - Aygun City”, “Nizami Kino Mərkəzi, “Azərbycan” kinoteatrı və Gəncə şəhərində yerləşən “CinemaPlus Xəmsə” kinoteatrında nümayiş olunur.
İdeya müəllifi Ruslan İsmayılovun olduğu ekran əsərində Azərbaycanın əməkdar artistləri Məlahət Abbasova, Sabir Məmmədov, Təvəkkül Əliyev, o cümlədən Azərbaycanın Fəxri Mədəniyyət işçisi Rüfət Nəzər, yumorist-aktyor İlkin Misgərli, rəqqasə Oksana Rəsulova, meyxana ifaçısı Oqtay Kamil, aktrisa Delya Fərəcullayeva, aktyorlar Nofəl Şahlaroğlu və Cavanşir Məhərrəmov rol alıblar. Həmçinin, layihənin mətbuat katibi F.Mədətov da filmə çəkilib.
trend.az