Gənc Tamaşaçılar Teatrı Astana şəhərində ənənəvi olaraq hər il keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 12-dən 18-dək davam edəcək festivalda teatr görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edəcək.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.
GTT-nin iştirak edəcəyi ikinci beynəlxalq tədbir Belarusun Mogilyovskiy vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalı olacaq. Sözügedən beynəlxalq festivalda Azərbaycan Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.
Festival Belarus Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
İyunun 28-dən iyulun 3-dək davam edəcək festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.
Tamaşada əməkdar artist Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.
report.az