Azərbaycanda ilk dəfə müəllimlərin daxili yerdəyişməsini Təhsil Nazirliyi həyata keçirəcək
18.5.2017

"Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil şöbələrində idi".
Bunu jurnalistlərə açıqlamasında nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.
O bildirib ki, bu il proqram təminatı yenidən təmin ediləcək: "Bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi belə bir zərurət yaradıb. 2015-2016-cı illərdə rayonlarda aparılan yoxlamalar nəticəsində daxili yerdəyişmələrdə bəzi ciddi nöqsanlar aşkarlanıb. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən bu faktlar üzə çıxıb. Ona görə də bu il ilk dəfə olaraq müəllimlərin daxili yerdəyişməsini nazirlik həyata keçirəcək".
Nazirlik rəsmisi qeyd edib ki, aşkarlanan nöqsanlar arasında ən çox müəllimlərin sıxlığı olan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə köçürülməsi olub: "Vakansiyaların gizlədilməsi ilə bağlı həmin gizlədilən vakansiyaya işə götürülən müəllimlərin də yerləri tərəfimizdən müəyyən olunub. Həmin yerlərin hamısı müsabiqəyə çıxarılacaq. Bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq. Nazirlik tərəfindən vakant yerlərlə bağlı yaradılan sistem daima işləyir və təkmilləşdirilir. Bu il daha da təkmilləşdirilməsi nəzərdə tutulub. O sistem əməkhaqqı hesablanma sisteminə inteqrasiya olunacaq. Amma sistem hələlik tam formalaşmayıb. Tam formalaşandan sonra belə hallar olmayacaq".

report.az