“Hazırda Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 3 dərəcə yuxarıdır, amma anomal temperaturlar hələ ki, müşahidə olunmur. Əvvəlki illərdə oktyabr ayında bundan da isti hava müşahidə olunub”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, hazırda oktyabr ayı üçün xarakterik temperaturlar müşahidə olunur: “İndi müşahidə olunan 23-25 dərəcə isti anomal sayılmır. Əvvəlki illərdə 27, 28, hətta 29 dərəcə isti də müşahidə olunub. Ən isti oktyabr ayı isə 1930-cu ildə qeydə alınıb. Həmin ildə maksimal temperatur 35,1 dərəcə olub. Ondan sonra oktyabr ayında ən isti temperatur göstəricisi bu ilin oktyabrın 9-da qeydə alınıb. Həmin gün temperatur 32,7 dərəcə olub”.
A. Verdiyev deyib ki, oktyabr ayında havaların belə isti keçməsi sırf sinoptik şəraitlə bağlıdır: “Cənub-şərq küləklərinin əsməsi ilə əlaqədar ölkə ərazisində belə isti hava şəraiti müşahidə olunur. Azərbaycan ərazisinə isti hava şəraiti əsasən cənubdan daxil olur. Ölkə ərazisində yaxın 3 gün ərzində də belə isti hava şəraiti hökm sürəcək”.
APA