Qazaxda 80 min il əvvələ aid tapıntılar
18.5.2017

Qazax rayonu ərazisində Damcılı və Yataqyeri paleolit abidələrində arxeoloji kəşfiyyat və qazıntı işlərinin nəticələri açıqlanıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, ötən ilin avqust ayında Damcılı paleolit yaşayış məskəni ətrafında, daha doğrusu, həmin bulaqdan cənub-şərqə bir neçə yerdə yoxlama şurfları qazılıb. İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov və İnstitutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun iştirak etdiyi Azərbaycan-Yaponiya arxeoloji ekspedisiyası araşdırması zamanı ümumilikdə bir-birindən müəyyən məsafədə aralı 9 kəşfiyyat xəndəyi qurulub. Bunlardan 7-ci və 8-ci qazıntı sahələrində (Damcılı bulağından şərqə) gözlənilən istiqamətdə ilkin artefaktlar üzə çıxıb. Bu əlamətlər 3-3.5 metr dərinlikdə özünü büruzə verib. Gözlənilən fakt qədim neolit dövrünə xas boz rəngdə sərt çaxmaq daşlarından qoparılmış massiv qəlpələr üzərində diş-diş retuşlu dik ağızlı, dairəvi, yonucu tipli qaşovlar və onlara müvafiq nüvələr aşkar edilib. Bu layda ocaq yerləri, fauna qalıqları da qeydə alınıb. Belə ki, hər torpaq-gil qatının daha nazik horizontlarla sıyrılıb götürülməsi və çöküntülərin xırda gözlü, metal torlu xərəkdən və xəlbirdən keçirilməsi, gil nümunələrinin isə, sonra daha narın məsaməli qablarda yuyulub, paleobotanik nümunələri, zərrəcikləri, kiçik gəmirici sümüklərini seçməklə nəticələnib.
Alimlər bildirib ki, neolit təbəqəsində şurfun darlığı (kiçikliyi), digər tərəfdən qaya dibindən su sızmaları dərinə qazmağa və daha qədim mədəni təbəqələrə enməyə imkan verməyib. Bununla belə, çay daşlarından tikinti qalığı, dənəzən, sürtgəc tipli istehsal vasitələrini götürmək mümkün olub. Bura yaxın digər qazıntı yerindən yuxarı paleolitə aid nüvələr, Mustye dövrü ilə səsləşən sumağı rəngdə levallua üsulunu göstərən qəlpə əldə olunub. Qazıntı sahəsinin şimal kvadratı qazıntısından nisbətən orta laydan mezolit ənənəli mikrolitlər, neolit tipli seqment trapes və lövhəciklər tapılıb. Obsidian (dəvəgözü) - vulkan şüşəsindən hazırlanmış xırda lövhədən balıq tutmaq üçün qarmağ (tilov) funksiyalı alət də ayırd edilib.
Beləliklə, Azərbaycan paleolitinin banisi Məmmədəli Hüseynovun qeyd etdiyi kimi, Mustye, yuxarı paleolit, mezolit, neolit, tunc və son orta əsr dövrünə mənsub materiallar stratiqrafik quruluşda yeni qazıntılarda öz təsdiqini tapıb.Ümumilikdə Damcılı abidəsində təxminən 80 min il qədimdən 9 min il əvvələdək arxeologiyada mövcud olmuş keçid pillələrinin yadigarlarını izləmək mümkün olub.
Növbəti tədqiqat mərhələsində 8 və 9-cu qazıntı quyularından qərbə - nisbətən Damcılı bulağına yaxın sahədə geniş 2x2 m və 2x4 m ölçülərdə qazıntı sahəsi götürüb təbəqələri geniş açmaqla, ilk yaşayış tərzini bərpa etməklə, mərhələli ardıcıllığı tutmaqla tədqiqatın başlıca problemi – erkən istehsalata keçmək prosesi səhnələşdiriləcək.



publika.az