Beynəlxalq Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti olub
19.5.2017

Beynəlxalq Muğam Mərkəzində IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Əməkdar Artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun “Ritm varsa həyat var” adlı solo konserti baş tutub.

Musiqi mədəniyyətimizin tarixində ilk dəfə zərb alətlərinin birgə ahəngini gerçəkləşdirən “Natiq” ritm qrupu bir daha tamaşaçıları təəccübləndirməyi bacarıb.

Konsertdə bildirilib ki, Natiq Şirinov nağara alətinə yeniliklər gətirən, nağara alətini ölçüləri və xanalarında özünəməxsus eksperimentlər aparan sənətkar kimi tanınır. İfaçı, həm də Azərbaycanın ilk ritm bəstəkarıdır. O, öz musiqi qrupu ilə birlikdə beynəlxalq mükafatlarla və adlarla təltif olunub.

Konsertdə əvvəl həyatın hər bir anında, təbiətdə mövcud olan hər bir səsdə ritmin mövcudluğunu nümayiş etdirən videoçarx nümayiş olunub.

Bir çox ilklərin yaşandığı konsertdə Azan da səslənib.

Sonra Qafqazın ən böyük diametri 1 metr olan nağaranın ritmləri altında “Həyat varsa ritm var” adlı kompozisiya təqdim olunub.

Konsert zamanı qrupun ifasında “Qatar” kompozisiyası, Şahmar Ələkbərzadənin “Nağara” şeiri, “Mehriban” kompozisiyası, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh”, “Söz və ritm”, “Nağarada arabeska”, “Qaytağı” musiqi nömrələri ifa olunub.

Qrupun tərkibində Ümüd Şirinov, Hikmət Rzayev, Elbəy İsgəndərov, Seymur Cəbrayılov, Fərid Nəzirov, Məqsəd Əzizov, Namiq Şirinov, Bayram Üzeyirov, Anar Abbasov və Samir Əliyev çıxış etdilər.

Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Tamaşaçılar arasında ölkəmizə gələn turistlər də çoxluq təşkil edib.

azertag.az