Vətənimizin şimal regionunda doğulub ədəbi yaradıcılıqla məşğul olan, bu bölgədə yaşayıb müxtəlif dillərdə yazıb yaradan 55 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” adlı kitab işıq üzü görüb.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən "Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsi çərçivəsində nəşr edilən kitaba yazılmış “Ön söz”də qeyd edilir ki, Azərbaycanın şimal bölgəsi - Quba, Şabran, Qusar, Xaçmaz, Siyəzən rayonları milli, etnik zənginliyi, rəngarəngliyi ilə seçilir. Əsrlərdən bəri müxtəlif xalq və etnoslar bu ərazilərdə mehriban bir ailə kimi yaşayırlar. Bu qədim torpaqlar Qafqaz türkləri ilə bərabər, ləzgi, tat, dağ yəhudiləri, xınalıq, buduq, qrız, əlikli, hapıtlı, cəgli, yergüclü və s. azsaylı xalqların da doğma vətənidir. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir çox istedadlı nümayəndələri bu torpağın, bu xalqların yetirmələridir. Kitabda 7 dildə şeirlər toplanıb. Bu milli azlıqların nümayəndələrinin yaradıcılığından seçmələr ilk dəfə işıq üzü görür. Nəfis tərtibatlı nəşrdə Azərbaycan, Torpaq, Vətən məhəbbəti, Qarabağ mövzusu, Şəhidlərə hörmət, dünyaya, insana sevgi, nəcib insani duyğuları tərənnüm edən şeir, hekayə və esselər əsas yer tutur.
Nəşrin ideya və layihə rəhbəri Hacı Nərimanoğlu, tərtibçi və redaktorları Ramiz Qusarçaylı və Zakir Məmməddir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmiş kitabın yaxın günlərdə təqdimatı da keçiriləcək və nüsxələri bölgənin mədəniyyət, təhsil obyektlərinə hədiyyə ediləcək.
azertag.az