Əli və Ninonun acılı-şirinli romantik hekayəsi Lüksemburqda
19.5.2017

Hər iki dünya müharibəsi zamanı işğaldan əziyyət çəkmiş Lüksemburqda 17 may tarixində genişmiqyaslı, emosional epik film olan “Əli və Nino” filminin nümayişi keçirilib. Filmin nümayişi ölkənin aparıcı kinoteatrlarından biri olan “Kinepolis Kirchberg” kinoteatrında baş tutub.
Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi tərəfindən Azərbaycanın Belçika, Lüksemburq Böyük Hersoqluğundakı və Avropa İttifaqı yanında Nümayəndəliyi ilə birgə əməkdaşlıq şəraitində təşkil edilib. Tədbirə Azərbaycan diasporasının üzvləri, Azərbaycanın dostları və kinosevərlər də daxil olmaqla 100-dən artıq iştirakçı qatılıb. Biletlərə olan tələbat kinoteatrın tutumundan artıq olduğuna görə onlarla insan məyus olub.
Düz 80 il bundan əvvəl Almaniyada yaşayıb-yaradan yazıçı Qurban Səid tərəfindən qələmə alınmış “Əli və Nino” romanı 1918–20-ci illərdə Azərbaycan Demokratik Respublikası (ADR) dövründə Bakının dinlərarası, multikultural və tolerant ruhunu ehtiva edir. Hekayədə bəhs edilən hadisələr əsasən İçəri Şəhərdə, həmçinin, Dağıstan, Gəncə, Tbilisi, Tehran və Şuşada cərəyan edir.
2016-cı ildə bestseller olan eyniadlı roman əsasında çəkilmiş bədii film böyük ekran üzü görmüşdür. Filmin rejissoru OSKAR mükafatı sahibi britaniyalı rejissor Asif Kapadia, ssenari müəllifi OSKAR mükafatçısı Kristofer Hamptondur. Filmin icraçı prodyuseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır.
Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin rəhbəri Mark Vervilghen, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndarov nitq söyləyiblər.
Mark Vervilgen filmin nümayişi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yenidən canlandığı, yeni əməkdaşlıqla bağlı danışıqların aparıldığı vaxta təsadüf etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə olan səfərindən, onun Avropa institutlarında görüşlərindən söz açıb. Avropa İttifaqının ölkəmizin ən böyük investoru olduğunu xatırladıb.
Natiq Avropa İttifaqının iki qitə arasında strateji məkanda yerləşən Azərbaycana ehtiyacı olmasından, Böyük İpək Yolunun əhəmiyyətindən, Cənub Qaz dəhlizinin tikintisindən, onun Avropa enerji təhlükəsizliyinin təminatının şaxələndirilməsinə töhfəsindən danışıb.
Müasir Azərbaycanın müxtəlif xalqların birgə mehriban yaşadığını, tolerantlığın və multikulturalizmin təşviqində, terrorizmə qarşı mübarizədə rolunu vurğulayıb.
Səfir Fuad İsgəndərov bildirib ki, “Əli və Nino” filminin Avropa Parlamentində nümayişindən sonra Avropa Komissiyası da filmin nümayişi ilə maraqlanıb. Filmin iki müxtəlif dinlərə mənsub ölkələrin dostluq münasibətlərini də əks etdirdiyini diqqətə çatdırıb.
“Gələn il Azərbaycan demokratik Respublikasının 100 illiyi qeyd olunacaq. Bu filmdə ölkəmizdə hətta Avropa ölkələri və ABŞ-dan əvvəl qadınlara azadlıq, səsvermə hüququ verildiyi aydın nümayiş olunur. 1918-ci ildə yaranan ilk müstəqil Azərbaycanın hökumətində müxtəlif xalqların nümayəndələri - yəhudilər, ermənilər də təmsil olunub. Bu Azərbaycan xalqının tolerant və dost olduğunu göstərir. Filmin ölkələrin müstəqilliyinin əhəmiyyətinə toxunur. Avropa İttifaqı müstəqil tərəfdaşlarla daha çox inkişaf edər”, - deyə azərbaycanlı diplomat vurğulayıb.



publika.az