Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə edilməsi məktəbinin (SPM) rəsmi açılış mərasimi keçirilib.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu məktəb, BANM, BP və onun tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” tərəfindən təşkil olunub.
Tədbirə SOCAR və BP-nin rəhbər heyəti, ölkənin bir sıra ali təhsil müəssisələrin və beynəlxalq şirkətlərin təmsilçiləri, həmçinin SPM-in iştirakçıları qatılıb. SPM-in 26 tələbəsi sırasında SOCAR, BP, ATLANTIC WASTE SOLUTIONS, “PAŞA Həyat Sığorta” ASC, Pasha Holding, Gilan Tekstil Parkı,Bakı Şəhər Halqası şirkətlərin və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşları iştirak edirlər.
BANM-in rektoru Elmar Qasımov SPM-in Azərbaycan üçün çox önəmli məktəb olmasından, yerli insan resurslarına və ümumilikdə, layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına verəcəyi töhfədən bəhs edib. Rektor layihənin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolu olacağını xüsusi olaraq vurğulayıb.
SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, SPM ölkənin elmi və təhsil potensialının inkişafına kömək etmək məqsədilə yaradılıb. X.Məmmədov qeyd edib ki, bu proqram vasitəsilə iqtisadiyyatın bütün sahələrindən orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə kömək edə biləcək.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, bu layihə indiyədək BP-nin öz tərəfdaşları ilə birlikdə maliyyələşdirdiyi ən uğurlu ixtisasartırma və yerli potensialın yaradılmasına dəstək təşəbbüslərindən biridir. O bildirib ki, artıq bu məktəb yerli potensialı inkişaf etdirən beynəlxalq məzmunlu davamlı bir təlim müəssisəsinə çevrilib.
SPM-in açılış mərasimində çıxış edən SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Layihələrin idarə edilməsi məktəbinin tələbələrinə uğurlar arzulayaraq, bu təlim proqramın iştirakçıları üçün onların gələcək karyeralarında uğur qazanmaqlarına birbaşa təsir edəcəyini bildiriblər.
“TwentyEighty Strategy Execution” şirkətinin əməkdaşı, biznes inzibatçılığı üzrə magistrı, SPM-in təlimçisi Didye Estibal BANM-də iştirakçılar üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olmasından və SPM-də iştirak edən hər bir mütəxəssisin layihələrin idarə edilməsi, planlaşdırma və büdcəyə nəzarət, risklərin idarə edilməsi, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı əldə edəcəyini vurğulayıb.
Bildirilib ki, layihənin məqsədi həm də yerli təlim müəssisəsinin bacarıqlarını artırmaqdır. Buna görə də ilkin mərhələdə kurslar ingilis dilində keçiriləcək və 2-3 il keçdikdən sonra proqramı Azərbaycan dilində tədris etmək üçün yerli mütəxəssislər hazırlanacaq.
Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilib. “TwentyEighty” şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram 7 moduldan (10 ay) ibarətdir və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak edib. BANM-in dəstəyi ilə proqramın 4-cü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdən sonra BANM proqramı müstəqil olaraq tədris etmək səlahiyyətini əldə edəcək.
report.az