Mayın 20-də “Cəfər Cabbarlı Mükafatı-2017”-nin təqdimat mərasimi keçirilib.
“C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri Qəmər Bağırovanın verdiyi məlumata görə, rəhbərlik etdiyi təşkilat 2001-ci ildən etibarən hər il Azərbaycanın milli mədəniyyətində xidmətləri olan müxtəlif sahələrin təmsilçilərinə “Cəfər Cabbarlı Mükafatı”nı təqdim edir. Onun sözlərinə görə, bu il üçün nəzərdə tutulan mükafatlandırma mərasimi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın zəngin mədəniyyətinin təbliği və cəmiyyətin müxtəlif sosial təbəqələrinin geniş mədəni tədbirlərə cəlb olunması” adlı layihəsi çərçivəsində həyata keçirilir: “Layihənin əsas məqsədi mədəniyyətin daha da inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycanın tanınmış klassik və müasir ədəbiyyat xadimlərinin bədii irsinin öyrənilməsi, təbliğidir”.
Q.Bağırova bildirib ki, Cəfər Cabbarlının “Almaz” pyesi Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətovun yeni quruluşunda səhnəyə qoyulub: “Layihə çərçivəsində adı qeyd edilən mükafat həmin əsərin yenidən quruluşda təqdimatında əməyi olan insanlara verilib”.
Qeyd edək ki, “Cəfər Cabbarlı Mükafatı-2017” Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə Flora Xəlilzadəyə, Rafiq Hacıyevə, ədəbiyyatşünaslıq sahəsində xidmətlərinə görə Cümşüd Muradova, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə əməkdar artistlər Nazir Rüstəmova, Mirzə Ağabəyliyə təqdim edilib. Eyni zamanda ən yaxşı teatr tamaşasına görə Akademik Milli Dram Teatrın bədii rəhbəri və baş direktoru, Xalq artisti Azərpaşa Nemətova, C.Cabbarlının “Almaz” tamaşasındakı uğurlu roluna görə isə xalq artistləri Nurəddin Mehdixanlıya, Firəngiz Mütəllimovaya, Kazım Abdullayevə, əməkdar artistlər Məsmə Ağaverdiyevaya, Ayşad Məmmədova, eləcə də bu tamaşadakı uğurlu fəaliyyətinə görə bədii quruluş hissə müdiri İlham Əhmədova mükafatlar verilib.
publika.az