Timur Əsgərov “Kixot” baletində Bazil rolunda çıxış edəcək
22.5.2017

İyunun 3-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Lüdviq Minkusun “Don Kixot” baleti nümayiş etdiriləcək.

Səhnə əsərində Bazil rolunu gənc balet artisti Timur Əsgərov canlandıracaq. Baletin dünya premyerası 1869-cu ildə Moskvada, Böyük Teatrda olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 1902-ci ildə nümayiş etdirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov gənclər üçün prezident mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

azertag.az