Əlil aktyorların ifasında “Yuxum” tamaşası
22.5.2017

Mayın 20-də “ƏSA” teatrı məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasını tamaşaçılara təqdim edib.

Nümayişi 400-dən çox tamaşaçı izləyib.

Tamaşanın meneceri Nicat Qulam bildirib ki, “Yuxum”un rejissoru Nihad Qulamzadə, quruluşçu rejissoru Şamil İbrahimovdur. Onun sözlərinə görə, səhnə əsərində 15 aktyor rol alıb. “ƏSA” teatrının əsas heyəti əlillik dərəcəsi olan aktyorlardan ibarətdir. Teatrın yeni aktyorlarından biri Aygün Əliyevadır. Aktrisanın anasının dediyinə görə, o, yeni teatr barədə sosial şəbəkələr vasitəsilə xəbər tutub. Teatr rəhbərliyi ilə əlaqə saxlayıb və qızının səhnədə çıxış etmək arzusu barədə məlumat verib. Bundan bir necə gün sonra Aygün “Yuxum” komediyasında rol alıb.

“ƏSA” teatrında baş rolda çıxış edən Elvin Mirzəyev bildirib ki, aktyor olmaq onun uşaqlıq arzusu olub. O, teatr haqqında deyib: “Yuxum” tamaşasından qabaq mən, “DUMB Mərhələsinin Əsası” adlı psixoloji tamaşada çıxış etmişəm. Fəaliyyətimizin əsas istiqaməti cəmiyyətin diqqətini fiziki imkanları məhdud olan insanların problemlərinə cəlb etmək, onların cəmiyyətə inteqrasiyasına kömək göstərmək və gənc istedadları üzə çıxarmaqdır”.



azertag.az