"Bank of Baku" ASC internet bankçılıqdan istifadə edən həm fiziki, həm də hüquqi müştərilərinin rahatlığını təmin edəcək növbəti yeniliklərini təqdim edib.
Yeniliklərə SWIFT çıxarışın onlayn əldə olunması, rekvizitlərin alınması və geri dönüş imkanlı "Bizimlə əlaqə" bölməsi və s. daxildir.
SWIFT çıxarışın onlayn əldə olunmasına əsasən müştərilər hesablar üzrə həyata keçirdikləri əməliyyatların çıxarışını Banka gəlmədən, internet bankçılıq vasitəsilə onlayn olaraq əldə edə biləcəklər. Ödəniş haqqında bu çıxarışı həm mədaxil, həm də məxaric olunan bütün hesablar üzrə almaq mümkündür. Çıxarışda ödəməni həyata keçirən və alan şəxsin və ya qurumun adı, ünvanı, ödəniş məbləği və tarixi öz əksini tapır.
Rekvizitlərin alınması yeniliyi ilə cari hesablar bölməsində olan istənilən hesabın rekvizitini indi internet bankinq istifadəçiləri çox rahat şəkildə özləri ala bilərlər. Bunun üçün cari hesablardan birinə keçib, rekvizitlər düyməsinə basmaq kifayətdir. Rekvizitlərin e-poçta göndərilməsi də mümkündür.
Geri dönüş imkanlı "Bizimlə əlaqə" bölməsinin yaradılması istifadəçilərdən daxil olan sual və müraciətlərin həmin gün ərzində cavablandırılmasına xidmət edir. Belə ki, xidmətdən istifadə edən şəxslər, səhifəni tərk etmədən bankla əlaqə qura və müraciətlərinə cavab ala bilərlər.
Xatırladaq ki, "Bank of Baku"nun əmək haqqı kartlarından istifadə edən korporativ müştərilər əməkdaşlarının aylıq məvacibini banka gəlmədən internet bankçılıq vasitəsilə köçürə bilərlər.
report.az