Səyyar “ASAN qatar” mayın 22-dən iyunun 5-dək Xaçmaz şəhərində, Səyyar “ASAN xidmət” isə mayın 22-dən iyunun 20-dək Qusar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Bununla yanaşı, Səyyar "ASAN xidmət" tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB), Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Həmçinin, səyyar avtobuslar mayın 1-dən 30-dək Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində, mayın 3-dən 22-dək Məhəmmədi kəndində, mayın 20-dən 29-dək Pirallahı qəsəbəsində, mayın 20-dən iyunun 8-dək Zərdabda vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
report.az