Azərbaycan İslamiadanı 75 qızıl, 50 gümüş, 37 bürünc medalla başa vurub
23.5.2017

Azərbaycanın uşu üzrə milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurub.
Bu növ üzrə heç bir idmançı qızıl medal qazana bilməyib. Elçin Eminov (56 kq) finalda iranlı Mahdi Mohammadiyə, Bayram Şəmmədov (65 kq) Farud Zəfəriyə, Vüqar Kərəmov (70 kq) isə Səid Faziliyə uduzub. Bürünc medalları isə Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) əldə edib.
Bu gün daha bir gümüş medala stolüstü tennis üzrə qadınlardan ibarət komanda sahib olub. Bu dəfə də qızıl medalı qazanmağa İran mane olub. Kişi komandası isə bürünc medalını rəsmiləşdirib.
Beləliklə, Azərbaycan idmançıları İslamiadadakı çıxışlarını 75 qızıl, 50 gümüş və 37 bürünc olmaqla, 162 medalla başa vurublar. Medal əyarında təşkilatçı ölkə birinci yeri tutub.

report.az