Azərbaycan “Exposition Universelle 2025” sərgisinə namizədliyini irəli sürüb
23.5.2017

Azərbaycan “Exposition Universelle 2025” sərgisinin Bakıda təşkili üçün namizədlik məktubunu Beynəlxalq Sərgilər Bürosuna təqdim edib.

Bu haqda Fransanın http://www.bie-paris.org saytında məlumat verilib.

Məlumatda Azərbaycan Respublikasının Fransadakı səfiri və ölkəmizin Beynəlxalq Sərgilər Bürosu (BİE) yanında nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyovun Prezident İlham Əliyevin namizədliklə bağlı məktubunu BİE-nin baş katibi Vicente G. Loscertalesə təqdim etdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan 2025-ci il mayın 10-dan noyabrın 10-dək Bakıda “İnsan kapitalı” mövzusu ətrafında sərgi keçirilməsini irəli sürüb. Fransa, Yaponiya və Rusiyadan sonra ölkəmiz bu sərgi üçün dördüncü namizəddir. “Dördüncü namizədlik “Exposition Universelle 2025” sərgisinin transformasiya tədbiri kimi aparıcı rolunun göstəricisidir. Namizədlik siyahısı bu gün Paris vaxtı ilə saat 18.00-də bağlanır. “Exposition Universelle 2025” sərgisi üçün namizədlərin müxtəlif təklifləri ilə bağlı daha çox məlumat əldə etmək üçün maraqla namizədlərin qiymətləndirilməsi mərhələsini gözləyirik”, – deyə BİE-nin baş katibi bildirib.

“Exposition Universelle 2025” sərgisinə namizədlərin qiymətləndirmə mərhələsi 18 ay davam edəcək. Hər namizəd öz layihəsini 2017-ci ilin sentyabrında təqdim etməlidir. Layihə təqdim edildikdən sonra 2018-ci ilin əvvəlində BİE-nin Təftiş Missiyası olacaq. Bu gündən təşkilatçı ölkənin seçiləcəyi tarixə qədər namizədlər layihələrini BİE-nin Baş Assambleyasının sessiyalarında təqdim etməlidirlər. Təşkilatçı ölkə 2018-ci ilin noyabrında BİE-nin 164-cü Baş Assambleyasında 170 üzv dövlətin səsverməsi ilə müəyyənləşəcək. “Exposition Universelle” sərgisi hər 5 ildən bir təşkil olunur və 6 ay davam edir. Beynəlxalq iştirakçılar ev sahibliyi edən ölkədə pavilyonlarını qurur, müasir beynəlxalq çağırışlarla bağlı maarifləndirici mövzularda iş aparır və onların həlli yolların təklif edir.

Sonuncu “Exposition Universelle” 2015-ci ildə Milanda “Planeti qidalandırmaq, həyat üçün enerji” mövzusu ətrafında təşkil olunub. Növbəti sərgi 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək “Niyyətimizi birləşdirək, Gələcəyi quraq” mövzusu ətrafında Dubayda keçiriləcək.

azertag.az