Bakıda “Müstəqilliyimiz əbədidir” mövzusunda kitab sərgi-yarmarkası açılmışdır
19.10.2012

Oktyabrın 18-də Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda kitab sərgi-yarmarkası açılmışdır.

AzərTAc xəbər verir ki, yarmarkada Bakıda fəaliyyət göstərən 40-a yaxın nəşriyyat evi, kitab mağazaları və mərkəzləri iştirak etmişdir. Tədbir çərçivəsində, həmçinin uşaq incəsənət məktəblərinin şagirdlərinin əl işlərinin sərgi-satışı da təşkil olunmuşdur.

Tədbirdə məlumat verilmişdir ki, sərgi-yarmarkanın məqsədi əhalinin kitaba marağını artırmaq, gənc nəslin cəmiyyətə yararlı şəxsiyyət kimi yetişməsində, formalaşmasında kitabın mühüm rol oynadığını göstərmək, dövlət müstəqilliyimizin bərpasından keçən 21 ildə nəşriyyatlarda işıq üzü görən kitabları nümayiş etdirməkdir.

Qeyd edilmişdir ki, müasir şəraitdə elm və texnikanın inkişaf etməsi ilə internet artıq insanların həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir. Lakin bütün hallarda elektron kitablar əsl kitabları əvəz edə bilməz. Son vaxtlarda gənclər arasında kitaba marağın xeyli artması buna əyani nümunədir. Bildirilmişdir ki, bu günkü kitab bayramına insan axını bunu bir daha sübut edir.

Sərgi-yarmarkaya təqdim olunan kitablar özlərində müxtəlif məlumatları, biliyi, elmi dünyagörüşünü, ictimai-siyasi problemləri və s. əks etdirir. 2009-cu ildən başlayaraq hər il dövlət müstəqilliyimizin bərpası günündə təşkil olunan belə kitab sərgi-yarmarkaları əhali arasında böyük maraqla qarşılanır.
Bu dəfəki sərgi-yarmarkada iştirak edən şair və yazıçıların oxucularla görüşüb öz imzaları ilə kitablarını təqdim etmələri üçün guşə də yaradılmışdır.

Kitab bayramında iştirak edən tanınmış yazıçılardan Kamal Abdulla, Aqil Abbas, Rəşad Məcid və başqaları öz kitablarını imzaları ilə oxuculara təqdim etmişlər.

AzərTAc