Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) Əməkdar İncəsənət Xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirmişlər ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar və rejissor, Xalq Artisti Cənnət Səlimova milli teatr sənətinin formalaşmasında və inkişaf etdirilməsində Ulduz Əliyevanın əvəzsiz xidmətlərindən, onun genişmiqyaslı rejissorluq fəaliyyətindən, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışmışlar.
Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar Artist Lətifə Əliyeva, aktyorlar Almaz Mustafayeva, Sona Babayeva sənətkar haqqında xatirələrini bölüşmüşlər.
Tədbirdə vaxtilə Ulduz Əliyevanın Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi “Kiçik faciələr” (A.S.Puşkin) “Şirinbala bal yığır” (S.Qədirzadə), “Mənim nəğməkar bibim” (Ə.Əylisli), “Qaraca qız” (Süleyman Sani Axundov) tamaşalarından parçalar nümayiş etdirilmiş, “Təbəssüm” uşaq rəqs kollektivi, Əməkdar Artist Nərgiz Kərimova, Ulduz Əliyeva-Rəfilinin opera studiyasında tələbəsi olmuş müğənni İntiqam Kərimovun, Dövlət Musiqili Komediya Teatrının solisti Elvin Əliyevin, ADGTT-nın aktyoru İlham Əsədovun ifaları maraqla qarşılanmışdır.
Ulduz Saleh qızı Əliyeva-Rəfili 1922-ci il dekabrın15-də Gəncədə anadan olmuşdur. 1951-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirmişdir.
1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayan U.Əliyeva baş rejissor vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində o, 50-dən artıq tamaşaya quruluş vermişdir.
AzərTAc