Türkiyəli kardioloq Özgür Öz iftarda və sahurda düzgün qidalanma ilə bağlı vacib məsləhətlər verib.
Mütəxəssis Ramazan ayında oruc tutmağa hazırlaşanlara həddindən artıq yağlı yeməklər yeməməyi tövsiyə edib. Doktor Özgür Özün sözlərinə görə, uzun müddət ac qalmış bədəni birdən-birə kalorili qidalarla yükləmək ürək üçün ziyandır:
"Ramazanda bədənin metabolizm sürəti tədricən azalacaq. Əgər Ramazan ayında iftarı açdıqdan sonra həddən artıq yesək, artıq çəki problemiylə qarşı-qarşıya qala bilərik. Artıq çəki isə ürək damar xəstəliklərinə gətirib çıxara bilər. Metabolizm zəiflədikcə qida qəbulunun da bir qədər azaldılması lazımdır. Odur ki, ürək sağlamlığı üçün iftarda və sahurda həddindən artıq kalorili yeməklərin porsiyasını azaltmağa çalışın”.
Özgür Öz onu da bildirib ki, Ramazan ayında günlərin uzun və isti olması bədənin daha çox susuz qalmasına, dolayası ilə maye itkisinə səbəb olur:
“Xüsusilə ürək çatışmazlığından əziyyət çəkən xəstələrdə maye itkisi böyrək funksiyasının pozulması ilə nəticələnə bilər. Ürək çatışmazlığı olan xəstələrin günəşdə çox qalmamasını tövsiyə edirəm. Ümumiyyətlə, böyrək və ürək xəstəlikləri olan insanların həkim nəzarəti olmadan oruc tutmasını məsləhət görmürəm. Bədənin 80 faizini su təşkil etdiyi üçün bu, orqanizmin ən vacib ehtiyacıdır. Bir neçə gün qidalanmasaq da, qida ehtiyacını bədəndəki qida ehtiyatı qarşılaya bilir. Lakin maye ehtiyacını ödəmək mümkün deyil. Bu baxımdan həm iftarda, həm sahurda kifayət qədər su içməyə diqqət edin”.
publika.az