Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair növbəti maarifləndirmə tədbiri keçirilib
23.5.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair növbəti maarifləndirmə tədbiri Lənkəran şəhərində keçirilib. “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda təşkil olunan seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 9 saylı region (Lənkəran, Lerik və Astara) üzrə Dövlət Əmək Müfəttişliyinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, qeyd olunan rayonların təhsil şöbələrinin, Lənkəran Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin, ayrı-ayrı işəgötürənlərin nümayəndələri, bir sıra orta məktəblərin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə ölkəmizdə uşaqların əmək hüquqları və onların müdafiəsi sahəsində aparılan işlərə dair çıxışlar edilib. Bildirilib ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, digər müvafiq beynəlxalq sənədlərə qoşulan Azərbaycanda əmək münasibətlərində uşaq hüquqlarına dair ümumbəşəri prinsiplərə uyğun qanunvericilik bazası formalaşdırılıb.

Ölkəmizin Əmək Məcəlləsində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Yaşı 18-dən az olan işçilərin isə əməyindən istifadə zamanı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər əksini tapıb. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qanunvericiliklə qadağan olunur, eyni zamanda, işəgötürən tərəfindən yaşı 18-dən az olan işçilər üçün Məcəllədə müəyyən edilmiş təminatlara əməl olunması məcburi xarakter daşıyır.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə sahəsində aparılan işlərdən və onların nəticələrindən də bəhs olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən təbliğat-maarifləndirmə işlərinin, aidiyyəti qurumlarla birgə məqsədyönlü fəaliyyətin nəticəsi olaraq, son illərdə uşaq əməyi ilə bağlı hüquqazidd halların sayının minimuma endiyi vurğulanıb.

Tədbir iştirakçılarının müvafiq mövzuda sualları da cavablandırılıb.


azertag.az