PROQNOZ: Bakıda mənzillərin qiyməti bahalaşa bilər
24.5.2017

Aprel ayında təkrar mənzil bazarında qiymətlərdə 6.16 faiz, ilkin mənzil mənzil bazarında isə 6.98 faiz azalma müşahidə olunub. Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, aprel ayında bazarda aktivlik aşağı düşüb: "Bir müddət banklar bazarda ipoteka kreditlərinin həcmini artırdılar və ona görə də əvvəlki aylarda qiymətlərdə artım oldu. Amma son iki ayda ipoteka kreditlərinin həcmində azalmalar var və müvafiq olaraq bazarda pul kütləsinin azalması müşahidə edilir. Ona görə də alqı-satqı əməliyyatlarında azalmalar olub və bu da öz növbəsində qiymətlərə təsir edib".

Ekspert hesab edir ki, qiymətlərin aşağı düşməsi növbəti aylarda davam etməyə bilər: "Yəqin ki, bu azalma müvəqqəti bir amildir. Ona bilsin, yay aylarında qiymətlər stabilləşsin, ancaq ilin sonuna doğru bahalaşma qaçılmaz olacaq. Ona görə ki, 2015-ci ildə manat dollar qarşısında dəyərini itirdi, ancaq 2016-cı ildə qiymətlər artmadı, 2017-ci ilin ilk üç ayı ərzində müəyyən qədər artdı, aprel ayında isə yenə azalma baş verdi. Yəni insanlar tədricən manatın dəyəri ilə razılaşdıqca, bazara qayıdacaqlar və bununla da aktivlik artacaq və qiymətlərdə də artım qaçılmaz olacaq".

trend.az