Azərbaycan ilk dəfə olaraq güllə keçirməyən şüşə istehsalına başlayır
19.10.2012

Azərbaycanın «Glass House» şirkəti ölkədə ilk dəfə olaraq güllə keçirməyən şüşə buraxıb.

Şirkətin Satış Departamentinin baş meneceri Faiq Kərimlinin verdiyi məlumata görə, Moskva şəhərində keçirilən şüşənin sınaqları artıq dünən başa çatıb.

Sınaq nəticəsində məlum olub ki, şüşə «Makarov» tipli tapança, «Kalaşnikov» tipli avtomat və snayper tüfəngindən açılan atəş nəticəsində güllənin qarşısını alıb.

Şirkətin Marketinq və satış Departamentinin baş meneceri Elnur Rzayev isə bildirib ki, yeni şüşələrin potensial sifarişçiləri banklar, hüquq-mühafizə orqanları, valyuta mübadilə məntəqələri, səfirliklər, xarici şirkətlərin nümayəndəlikləri ola bilər. Eyni zamanda, yeni şüşələri istənilən fiziki şəxs də sifariş edə bilər.

Qeyd olunur ki, şirkət ildə 20 min kv. metr güllə keçirməyən şüşə buraxmaq imkanlarına malikdir.

APA