Şəfa mənbəyi hesab edilən arı südü qramla satılacaq.
Türkiyənin Manisa bölgəsində Arı İstehsalçıları Birliyinin sədri Mehmet Əli Turqut bu barədə mediaya açıqlama verib. Açıqlamasında dünyanın ən bahalı südləri arasında yer alan arı südünün insanlar arasında böyük marağa səbəb olduğunu deyib.
Arı südünün əsasən 10-15 milliqram olaraq satıldığını deyən sədr, kiloqram qiymətinin təxminən 1300-1500 lirə (700 AZN) arasında dəyişdiyini qeyd edib.
Bu süd normal şərtlərdə 6 və 15 günlük işçi arıların udlaq üstü vəzilərindən ifraz etdikləri bir maddədən hazırlanır. Digər heyvanlardan alınan südün tərkibi ilə heç bir bənzərliyi yoxdur. Ana südü ilə müqayisə edilir. Ana arıların vəzifəsi pətəyə çoxlu sayda yumurta qoymaqdır. Qidalandırıcı pətəklərə qoyulan yumurtalar götürülür və xüsusi prosesdən sonra arı südü əldə edilir. Bunun üçün müxtəlif koloniyalardan arılar seçilir.
Gigiyenik və düzgün şəraitdə toplanan arı südünün insanlar üçün qeyri-adi şəfa mənbəyi olduğunu deyən Əli Turqut südün immun çatışmazlığını bərpa etdiyini dedi: Arı südünün insan orqanizminə çox faydaları var. İmmun sistemini möhkəmləndirir, orqanizmi təmizləyir, hüceyrələrin funksiyasını sürətləndirir. Arı südü həm də ölü hüceyrələri bərpa edir. İnsanlar ən çox bu səbəbdən arı südünə üstünlük verir".
Mütəxəssis xəbərdar edir ki, allergiya, astma, dəri xəstəliklərindən əziyyət çəkən insanların arı südündən istifadə etməsi risklidir.
Publika.az