M.Ə.Sabir adına kitabxanada “Hophopnamə”nin təqdimatı olub
25.5.2017

Mayın 24-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə M.Ə.Sabir adına kitabxanada “Hophopnamə” kitabının təqdimatı olub.

Tədbirdə kitabxananın direktoru Gülşən Abbasova görkəmli şairin yaradıcılığından, zəngin irsindən söz açıb. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanaraq nəfis tərtibatla nəşr edilmiş “Hophopnamə” Azərbaycanın zəngin mədəniyyət nümunələrinin gənc nəslə çatdırılması işinə qiymətli töhfələrdən biridir.

Diqqətə çatdırılıb ki, nəşrdə yer alan illüstrasiyaların müəllifi Xalq Rəssamı Arif Hüseynovdur. O, M.Ə.Sabirin satiralarına illüstrasiya çəkən ikinci rəssamdır. XX əsrin əvvəllərində fırça ustası Əzim Əzimzadə “Molla Nəsrəddin” jurnalı üçün M.Ə.Sabirin satiralarının motivləri əsasında silsilə karikaturalar çəkib. Bu karikaturalardan bəziləri, həmçinin təqdimatı keçirilən kitaba daxil edilib.

Xalq Rəssamı Arif Hüseynov kitabda yer alan illüstrasiyalar haqqında məlumat verib. Qeyd edib ki, ağ-qara rəngdə işlənmiş qravürlər böyük şairin əsərlərinin məzmunu, satirik istiqaməti haqqında oxucuda dolğun təsəvvür yaradır.

Tədbirdə gənc şairlər M.Ə.Sabir poeziyasının təsiri altında yazdıqları əsərlərini oxuyublar.

Çıxış edənlər vurğulayıblar ki, bu cür tədbirlər Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinə töhfə verir, gənclərdə xalqımızın mədəni irsini öyrənməyə maraq oyadır.

azertag.az