Mayın 24-də Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə “İntizar” operası nümayiş olunub.
Qeyd edək ki, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.
Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Əkrəm Poladov, İnarə Babayeva, Fərid Əliyev, İlham Nəzərov, Səbinə Vahabzadə və Fəridə Məmmədova və aparıcı solist Tural Ağasıyev canlandırıb. Tamaşanı Azərbaycanın Əməkdar Artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.
Məlumat üçün bildirək ki, “İntizar” operası (“Qarabağnamə” adı ilə) ilk dəfə 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xalq Artisti Cənnət Səlimovanın quruluşunda və dünya şöhrətli dirijor Arkadi Ştеynluхtun idarəsi ilə nümayiş olunub.
2009-cu ildə isə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı günlərində Heydər Əliyev Sarayının səhnəsində tanınmış dirijor, Xalq Artisti Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin konsert ifasında səsləndirilib.
2010-cu ildə opera Heydər Əliyev Fondunun təşəbbüsü və Nərgiz Paşayevanın prodüser layihəsi əsasında hazırlanaraq, Heydər Əliyev Sarayında göstərilib. Bu dəfə operanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq Artisti Dmitri Bertman, quruluşçu rəssamı Hartmut Şorqhofer, dirijoru Vladimir Ponkin, xoreoqrafı Edvald Smirnov, xormeysteri Xalq Artisti Gülbacı İmanova olub.
Operanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilmişdi.
Əsər 2014-cü il mayın 4-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində bu dəfə teatrın baş rejissoru Əməkdar İncəsənət xadimi Hafiz Quliyevin quruluşunda yenidən səhnəyə qoyuldu.
Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan opera sənəti ənənəsini layiqincə davam etdirən sevimli bəstəkarımız Firəngiz Əlizadənin akademik Nərgiz Paşayevanın librettosu əsasında qələmə aldığı “İntizar” operası XX əsrin əvvəlində yaranan, Vətən mövzusunu parlaq əks etdirən səhnə əsərində Azərbaycan xalqının ağrı-acıları, xeyirlə-şərin mübarizəsi, günahsız insanların ölümü, yadellilərin azərbaycanlı ailələrini amansızcasına qətlə yetirməsi əsas mövzu kimi götürülüb. Deməli, əsərin məzmununda xalqımızın Qarabağ dərdi əsas motiv mövqeyindədir.
Tamaşanın səhnə tərtibatında video görüntülərdə Qarabağın gözəl təbiət mənzərələri, dəhşət saçan müharibə təsvirləri, rənglərin dəyişməsi, günəşli, işıqlı rənglərin getdikcə tündləşməsi, qaralması və nəhayət, finalda yenidən parlaq rənglərin canlandırılması, ekranda sanki göyün dərinliklərindən “Ağ atlı” xilaskarın peyda olması əsərin ideya-bədii həllinin təzahürü kimi dəyərləndirilə bilər.
Tərəddüdsüz deyə bilərik ki, həm vətənpərvərlik ruhuna, həm də sənətkarlıq baxımından bu əsər müasir dövrdə böyük önəm kəsb edir. Qeyd edək ki, operanın obrazları, ifadə tərzi yüksək səviyyədədir. Musiqi məzmunu çox zəngin, orkestr səslənməsi olduqca dolğundur. Orkestrin tərkibinə xalq çalğı alətlərinin daxil edilməsi, muğam və müasir bəstəkarlıq üslubunun qovuşdurulması zəngin bir musiqi əsəri yaradıb. Eyni zamanda, operada elektron musiqidən də istifadə olunmağı diqqətəlayiqdir.
“İntizar” operasında Qarabağ uğrunda şəhid olan əsgərlərin məcazi olaraq dirilməyi, “Ağ at”ın süjet xəttində diqqətçəkən detal kimi yer almağı gözəl bir mesajın ifadəsidir. O mesajı belə mənalandıra bilərik ki, biz haqqa inanan bir millətik. Qələbəyə olan inamımız böyükdür. Bu intizar heç də uzun çəkməyəcək. Haqq günəşi qarala bilməz, bu gün olmasa da, sabah mütləq o günəş doğacaq.
Bununla da son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərlə bağlı mənəvi tələbatı ödəyən “İntizar” operası kimi yüksək bədii keyfiyyətlərə, böyük bədii təsir qüvvəsinə malik, librettonun və musiqi dramaturgiyasının dərin vəhdəti ilə diqqəti cəlb edən müasir bir əsər meydana çıxıb.
“İntizar” operasının dərin mənalı ədəbi və musiqi məzmunu əsərin hər dəfə yeni bir baxışla oxunmasına və yozumuna yol açır. Bəlkə də operanın yarandığı nisbətən bir müddət ərzində artıq dördüncü dəfə yeni quruluşda səhnələşdirilməsi bundan irəli gəlir. Zaman keçdikcə əsərin səhnə həllinin təfsiri dəyişir, zəngin məna çalarları kəsb edir. Əminik ki, “İntizar” operası Azərbaycan Opera və Balet Teatrının repertuarında daimi yer tutacaq və tariximizi canlandıran bir əsər kimi insanları haqq-ədalətin təntənəsinə, xalqımızı düşmənə qarşı birgə mübarizəyə səsləyəcək.
azertag.az