Görkəmli bəstəkar Cövdət Hacıyevin musiqisi dünyanı dolaşır
25.5.2017

Azərbaycan simfonik musiqisinin yaradıcılarından biri olan Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə yubiley tədbirləri dünyanın müxtəlif ölkələrinin konsert zallarında keçirilməkdə davam edir.

Xəbər verdiyimiz kimi, Nyu-Yorkun ən nüfuzlu konsert zallarından biri olan “Carnegie Hall”da Cövdət Hacıyevin yubileyinə həsr edilən beynəlxalq festivalın açılış mərasimi böyük uğurla keçib. Cövdət Hacıyev və Azərbaycanın görkəmli rəqqasəsi və xoreoqrafı Əminə Dilbazinin adına olan “Odlar Yurdu İpək Yolunda” adlı bu beynəlxalq transkontinental festival ABŞ, Böyük Britaniya və Kanadadan başlayaraq Qərbin aparıcı ölkələrini əhatə edəcək və Şərqdə - Hindistanda və Çində başa çatacaq. Cövdət Hacıyevin doğulduğu və uşaqlıq illərini keçirdiyi Azərbaycanın qədim tarixi şəhəri Şəkidə yubiley konsertlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyacaq. Əlamətdar hadisədir ki, Şəkidə görkəmli bəstəkarın “Vətən” oratoriyası, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdiyi “Ulu Öndər” odası, habelə Qarabağ müharibəsində canlarından keçmiş Azərbaycanın igid oğullarının xatirəsinə həsr edilən qəhrəmanlıq simfoniyası səsləndiriləcək.

Fransa və İsveçrədə tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın təşəbbüsü ilə Cövdət Hacıyevin fortepiano əsərlərinin ən yaxşı ifasına dair beynəlxalq müsabiqə keçirilib. Müsabiqənin qalibləri – Cövdət Hacıyevin fortepiano əsərlərinin ən yaxşı ifaçıları BMT-nin Cenevrədəki rəsmi nümayəndəliyinə dəvət edilərək fəxri mükafatlarla təqdim ediliblər. Cövdət Hacıyevin 100 illik yubileyi və müsabiqənin qalibləri şərəfinə burada Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Vaqif Sadıqovun və bu beynəlxalq təşkilatın digər rəsmi nümayəndələrinin iştirakı ilə rəsmi qəbul təşkil edilib.

Cövdət Hacıyevin şagirdi - bəstəkar haqqında maraqlı monoqrafiyanın müəllifi Adilə Yusifovanın təşəbbüsü ilə Gürcüstanda da görkəmli bəstəkarın anadan olmasının 100 illik yubileyinə həsr edilən yaradıcılıq tədbirləri keçirilib.

azertag.az