Sumqayıtda II Respublika xalq teatrları festivalının baxış mərhələsi keçirilib
25.5.2017

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, II Respublika xalq teatrları festivalının seçim mərhələləri başlayıb. Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması festivalın əsas məqsədləridir.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnəsində festivalın baxış mərhələsi keçirilib. Baxışda Sumqayıt və Xaçmaz Regional Mədəniyyət və Turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak edib.

Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evinin xalq teatrı Sultan Məcid Qənizadənin “Dursunəli və Ballıbadı”, Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili Komediya xalq teatrı “Bataqlıqda batan çiçək” və Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin xalq teatrı Rəhman Əlizadənin “Diqqət başlayırıq” tamaşalarını nümayiş etdiriblər. Çıxışlar tamaşaçılar və münsiflər heyəti tərəfindən rəğbətlə qarşılanıb.

Münsiflər heyətinin üzvləri olan tanınmış incəsənət xadimləri teatr kollektivlərinə məsləhətlərini veriblər.


azertag.az