Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada təlim-məşq toplanışını davam etdirir.
Milli komandanın baş məşqçisinin köməkçisi Famil Ağayev Şərqi Avropa bürosuna bildirib ki, məşq prosesi Bolqarıstan yığma komandasının voleybol bazasında aparılır. “Mayın 28-dək təlim-məşq toplanışımızı davam etdirəcəyik. Məşqlərdə müdafiə və hücum xətlərində hazırlığımızı gücləndiririk. Bakıda keçirilən İslamiadanın qalib olduq və hazırda komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Voleybolçularımıza hər cür şərait yaradılıb və lazımi diqqət göstərilir” – deyə F. Ağayev əlavə edib.
F. Ağayev azarkeşləri 30 may-3 iyun tarixlərində Bakıda təşkil olunacaq qadın voleybolçular arasında dünya çempionatının təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasını dəstəkləməyə çağırıb. Baş məşqçinin köməkçisi onu da bildirib ki, zədəsini sağaldan Natalya Məmmədova artıq yığmaya qoşulub.
“Bizim qrupda Norveç, Hollandiya, İsrail, Ukrayna, Danimarka yığmaları yer alıb. İnanırıq ki, dünya çempionatının seçmə mərhələsində layiqli çıxış edib, uğurlu nəticə əldə edəcəyik. Komandamızda zədəli oyunçumuz yoxdur. Bildiyiniz kimi, Natalya Məmmədova uzun müddət zədə səbəbindən yığmamıza kömək edə bilmirdi. Artıq Natalya komandaya qoşulub və məşqləri davam etdirir. Azarkeşləri isə Bakı İdman Sarayında keçiriləcək görüşlərə dəvət edirik. Gəlsinlər və milli komandamızı dəstəkləsinlər” – deyə F. Ağayev əlavə edib.
Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində Azərbaycan yığması dünən paytaxt Sofiyanın “Xristo Botev” idman sarayında Bolqarıstan millisilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma meydan sahiblərinin 3-1 (25:15, 23:25, 25:14, 29:27) hesablı qələbəsilə başa çatıb.
report.az