Bakıda keçirilən birinci Azərbaycan-Rumıniya Universitetlərinin Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) ilə bu ölkənin Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında saziş və Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişləndirilməsi barədə müqavilə imzalanıb.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, PGU-nun prorektoru, professor Mixail Minesku ilə keçirilən görüşdə BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan müqavilələrin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
PGU-nun prorektoru Mixail Minesku bildirib ki, Erasmus+ proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, təcrübə toplamaq, başqa ölkələrdə təcrübə keçmək və tədris etmək imkanları yaradır: "İmzalanan əməkdaşlıq razılaşması çərçivəsində Erasmus+ proqramı ilə BANM-in tələbələri Ploeşti Neft-qaz Universitetində təhsil ala bilərlər. 2017-ci ilin oktyabr ayında Ploeşti Universitetində neft-qaz istiqaməti üzrə ali təhsil verilməsinin 50 ili tamam olur".
Bildirilib ki, PGU 1948-ci ildə Rumıniyanın sənayeləşmə tələbi və neft-qaz sahəsində ixtisaslı kadr çatışmazlığından irəli gələn ehtiyacları əsasında yaradılıb. İlk illərdə institut olaraq fəaliyyət göstərib, sonralar isə Ploeşti Neft və Qaz Universiteti adını alıb (1993). Hazırda Universitetdə Neft-qaz mühəndisliyi, Mexanika və elektrik mühəndisliyi, Neft texnologiyası və neft-kimya kimi fakültələr fəaliyyət göstərir.
Görüşdə həmçinin, Cluj-Napoca Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Sonia Karmen Munteanu da iştirak edib. O, təmsil etdiyi universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM-lə əməkdaşlığa açıq olduqlarını bildirib.
Qeyd edək ki, imzalanan müqavilələr tələbə mübadiləsi, o cümlədən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
report.az