Oktyabrın 20-də Bakıda Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKA) tərəfindən Beynəlxalq Kulinariya Günü münasibətilə tədbir keçirilmişdir.
Mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdikləri tədbiri AMKA-nın direktoru, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanov açaraq 2004-cü ildə İrlandiyanın Dublin şəhərində Dünya Kulinariya Konqresində qəbul olunmuş Beynəlxalq Kulinariya Gününün ölkəmizdə 6-ci dəfə qeyd edildiyini bildirmişdir.
AMKA-nın son birillik fəaliyyətinə nəzər salan T.Əmiraslanov bildirmişdir ki, indiyədək regional mətbəxin öyrənilməsi üçün Şamaxı, Quba, İsmayıllı və Qəbələ rayonlarına ekspedisiyalar təşkil olunmuşdur. Mərkəz tərəfindən hazırlanmış 3 kitabın təqdimatları keçirilmiş, yerli mətbuatda onlarla məqalə dərc olunmuş, televiziyalarda çıxışlar edilmişdir. Azərbaycanın milli kulinariya komandası 5 beynəlxalq tədbirdə uğurla çıxış edərək ölkəmizə 12 qızıl, 7 gümüş medal, 2 kubok və onlarla diplom gətirmişdir.
Mərkəzin əməkdaşlarının ölkəmizdə keçirilən “İpək Yolunun dadı” konfransında, Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunmuş tədbirdə, Qubada alma bayramında iştirak etdiklərini diqqətə çatdıran T.Əmiraslanov demişdir ki, Azərbaycan mətbəxinin təbliği və tanıdılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Qədim tarixi köklərə malik olan Azərbaycan kulinariyasının keçdiyi inkişaf yoluna nəzər salan mərkəzin direktoru demişdir ki, bu il həm də Azərbaycan Milli Kulinariya Assosiasiyasının Dünya Kulinariya Təşkilatına (WACS) üzv olmasının 20 illik yubileyidir. Bildirilmişdir ki, 1991-ci ildə yaranmış Azərbaycan Milli Kulinariya Mərkəzi 1992-ci ildə keçmiş SSRİ və türk dünyası dövlətlərindən əvvəl bu təşkilata üzv qəbul edilmişdir. 1994-cü ildə Rusiya, 2000-ci ildə Ukrayna və Özbəkistan, 2008-ci ildə Qazaxıstan və Türkiyə WACS-a üzv olmuşlar.
Azərbaycanda milli mətbəx mədəniyyətinin və mədəni irsin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini xatırladan T.Əmiraslanov vurğulamışdır ki, məhz bunun sayəsində Azərbaycan mətbəxi dünyada tanınır.
Ölkəmizdə xalqımıza məxsus zəngin mətbəx mədəniyyətin təbliğinə böyük diqqət göstərildiyini vurğulayan T.Əmiraslanov bildirmişdir ki, Prezident İlham Əliyevin mədəni irsin qorunub saxlanması ilə bağlı imzaladığı fərman və sərəncamlar buna bariz nümunədir. Məhz bunun sayəsində Mədəniyyət və Turizm Nazirliyi hazırda milli mədəni irs siyahısını hazırlayır. Siyahının yarısından çoxunu məhz kulinariya sahəsi təşkil edir. Bu gün ilk dəfə olaraq yeni hazırlanan mədəniyyət haqqında qanun layihəsində də mətbəxə yer verilmişdir.
Tədbirdə əslən azərbaycanlı, MDB
məkanında məşhur kulinar olan Stalik Xankişiyevin kitabları təqdim edilmişdir.
Bildirilmişdir ki, Stalik Xankişiyev Azərbaycan mətbəxinin təbliğində və dünyada tanıdılmasında xidmətlərinə görə Moskvada Heydər Əliyev Fondunun təqdimatı ilə Azərbaycanın Rusiyadakı səfirliyinin mükafatına layiq görülmüşdür.
Qeyd edilmişdir ki, xarici ölkələrdən Azərbaycan Milli Kulinariya Assosiasiyasına üzv olan 9 nəfərdən biri Stalik Xankişiyevdir. Onun kitabları hər bir azərbaycanlı mütəxəssis üçün qiymətli mənbə hesab oluna bilər. Yüksək peşəkarlığı, Azərbaycan mətbəxini geniş şəkildə təbliğ etməyi nəzərə alınaraq Stalik Xankişiyev “usta aşpaz” adına layiq görülmüş və AMKA-nın fəxri üzvü seçilmiş, medal və diplomla təltif olunmuşdur.
Digər çıxış edənlər də kulinarlara uğurlar arzulamış və zəngin mətbəx mədəniyyətimizin qorunub saxlanmasının vacibliyini bildirmişlər.
Tədbirdə Azərbaycanın bir qrup aşpazına Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur.
Sonda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
AzərTAc