M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Böyük Hindistan toyu” adlı rəqs-tamaşa nümayiş olunub.
Tamaşa Hindistanla Azərbaycan arasında diplomatik, elmi, mədəni və ticarət əlaqələri qurulmasının 25 illiyinə həsr olunmuş “Hindistan -Azərbaycan Dostluq Festivalı” çərçivəsində təqdim olunub. Məlumat verilib ki, 45 dəqiqəlik tamaşa əslində iki gəncin sevgi hekayəsinin musiqili təcəssümüdür. Bu iki gənc Hindistanın mədəni ştatı olan Maharaştranın paytaxtı Pune şəhərində təhsil alırlar. Təhsil müddəti bitdikdən sonra gənclər ailə qurmaq haqqında fikirləşirlər. Lakin ailələrinin razı olub-olmayacağı problemi onları düşündürür. Yaşadıqları əyalətə dönən gənclər fikirlərini ailələrinə bildirirlər. Gözlədiklərinin əksinə olaraq, evlənə biləcəklərinə ailələrinin icazə verməsi onlar üçün sürpriz olur. Gənclər səadətə qovuşur. Tamaşada saf məhəbbətin tərənnümü ilə yanaşı, hind həyatının dinamizmi və hərəkətliliyi də tərənnüm olunub.
Hindistan rəqs dramı - “Böyük Hindistan toyu” rəqs-tamaşasında gözəl musiqi, əlvan səhnə tərtibatı və əsrarəngiz, canlı hind rəqsləri hərarətlə qarşılanıb.
azertag.az