Bu gündən Bakıda ucuz - sosial evlərə qeydiyyat başlayır. "Güzəştli mənzil" sistemi vasitəsilə müraciətlərin qeydiyyatı elektron hökumət portalında olacaq.
Sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az "internet-saytları”nın ana səhifəsində yerləşən "GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində "Elektron hökumət” portalında yerləşən "Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.
Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.
Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Bu layihə çərcivəsində ilk bina Yasamal rayonunda inşa edilir. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq. Kompleksdə mənzillər 1, 2 və 3 otaqlıdır.
Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq. Binalar 9-12 mərtəbə olacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.
publika.az