Azərbaycan Dillər Universitetində (ADU) xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd tələbələrin xalq yazıçısı haqqında biliklərini daha da artırmaq olub.
Tədbiri ali təhsil müəssisəsinin rektor əvəzi Əfqan Abdullayev açaraq bildirib ki, Elçinin əsərləri dünyada tanınır: "Onun müxtəlif dillərə tərcümə edilən əsərləri Azərbaycan sərhədlərini aşaraq ədəbiyyatımızı dünyada layiqli təmsil edir və zirvəyə qaldırır. Elçinin xırda hekayələr ustası kimi əsərləri universitetin professor və tələbə kollektivinin iştirakı ilə 22 dilə tərcümə olunacaq".
Xalq yazıçısı Elçin deyib ki, görüşün iştirakçıları gənclər olduğundan tədbir onun üçün vacibdir: "Gənclərin yalnız mənim yaradıcılığım yox, mədəniyyət haqqında fikirləri mənim üçün maraqlıdır və buna görə də böyük həvəslə gəlmişəm. Burada müxtəlif dillər tədris olunur. Tələbələrin öyrəndikləri dillərdən hansı əsərləri oxuduqlarını bilmək istəyirəm".
Görüşdə universitetin dosent və professorlarının məruzələri dinlənilib.
"Visions of Azerbaijan" jurnalının baş redaktoru İan Peart yazıçının yaradıcılığına ingilis dilində nəzər salıb.
Sonda ali təhsil müəssisəsinin İngilis dilinin üslubiyyatı kafedrasının müəllim və tələbə heyətinin ifasında Elçinin "Şekspir" pyesi ingilis dilində nümayiş olunub.
report.az