Musiqili Teatr Lənkərana səfər edəcək
31.5.2017

Azərbaycan Dövlət Musiqili Teatrı respublikamızın bölgələrinə və xarici ölkələrə səfərə hazırlaşır. Teatrın ölkəmizin dilbər guşələri ilə yanaşı, qardaş Türkiyədə Beynəlxalq “Dədə Qorqud” festivalına, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində isə İran İslam Respublikasına qastrol səfərləri planlaşdırılır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu silsilədən ilk tədbir mayın 31-də Azərbaycanın cənub mirvarisi Lənkəran şəhərində baş tutacaq. Musiqili Teatrın kollektivi lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” ikihissəli musiqili komediyası ilə çıxış edəcək.

Qeyd edək ki, tamaşada rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.

azertag.az