Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisi keçiriləcək.
Bu barədə muzeyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Edvard Tvoxiq 1969-ci ildə İrlandiyada anadan olub. O, Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb. Daha sonra isə Çelsi İncəsənət Kollecində qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşıb. Burada o, Britaniya Şurasından təqaüd alan ilk İrlandiyalı tələbə olub.
Hazırda E.Tvoxiq rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecində rəhbərlik edir. O, Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, həmçinin Banksayd Qalereyasının hamisidir.
E.Tvoxiq təbiətin gözəllikliyini rəsm, fotoqrafiya, xüsusən də rəssamın xətt ustalığını göstərən quru iynə texnikasında təcəssüm etdirir. Bleyk, Ravilious və Semuel Palmerin təsirinin duyulduğu bu qravüralar ingilis pastoral ənənəsinə mühüm töhfədir.
Onun “Yer üzü və xətt” (Berstou qalereyası, Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib.
Sərgi mayın 31-də, saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında açılacaq.
report.az