Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bununla bağlı Əmək Məcəlləsində əlavə və dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edərək layihə barədə məlumat verib.
H.Rəcəbli bildirib ki, hazırkı qanunvericiliyə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bu Məcəllənin 70-ci maddəsinin “B” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçisini bu barədə rəsmi şəkildə xəbərdar etməlidir. Yeni layihəyə görə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq. Layihəyə görə, işçinin bir ilədək əmək staji olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı iki təqvim həftəsi əvvəl, stajı bir ildən beş ilədək olduqda azı dörd təqvim həftəsi əvvəl, stajı bir ildən on ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı on ildən çox olduqda azı doqquz təqvim həftəsi əvvəl edilməlidir.
Bundan başqa, Məcəllənin hazırkı variantına görə, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əməkhaqqından az olmamaqla işdənçıxarma müavinəti verilir, işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilir. Yeni layihəyə görə isə işdən çıxarma müavinətləri də ödənilərkən işçinin stajı nəzərə alınacaq. İşçinin bir ilədək əmək stajı olduqda ona orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək stajı olduqda 1,7 misli miqdarında, on ildən çox stajı olduqda azı iki misli miqdarında müavinət ödəniləcək. Layihəyə görə, işçiyə işəgötürən tərəfindən xəbərdarlıq əvəzinə ödənişin verilməsi zamanı da staj nəzərə alınacaq. Bu layihəyə görə, işəgötürən işçinin razılığı ilə Məcəllənin 70-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının iki misli ödəniş etməklə müqaviləyə xitam verə bilər. Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə isə işəgötürən müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə Məcəllənin 70-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
Bundan başqa, Məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya beş ilədək müddətə (müddətli) bağlanıla bilər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
azertag.az